Region seçimi:

İCBARİ HƏYAT SIĞORTASI

“İSTEHSALATDA BƏDBƏXT HADİSƏLƏR VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTICƏSİNDƏ PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA HAQQINDA”

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün işəgötürən təşkilat və müəssisələr, həmçinin dövlət orqanları öz işçilərini icbari qaydada sığortalamalıdırlar.

Əgər işçi işəgötürənlə əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə bağlayıbsa, deməli həmin işçi mütləq qaydada sığortalanmalıdır.
Qanundan çıxarışlar

İŞƏGÖTÜRƏNLƏR

Bu Qanuna uyğun olaraq sığorta hadisəsi baş verdikdə işəgötürən işə götürdüyü şəxsləri sığortalamalıdır. Bununla işəgötürən həm özünü, həm də işçilərini ola biləcək problemlərdən sığortalayır. Hər hansı bir işçi ilə əlaqədar bədbəxt hadisə baş verdikdə işəgötürən əlavə xərclər çəkməli olmayacaq.
İcbari sığorta müqaviləsini bağlamaq üçün Azərbaycanda həyat sığortası sahəsi üzrə xüsusi lisenziyaya malik olan ilk şirkət olan “Atəşgah Həyat” sığorta şirkətinə müraciət edin.

Tez-tez verilən suallar

Sual:         Sığorta müqaviləsi işçilərlə bağlanılır? Belədirsə işçilər sığorta olunmaq üçün ərizə verməlidirmi?

Cavab:      Xeyr. Sığorta müqaviləsi sığorta şirkəti ilə işəgötürən arasında bağlanılır, işçilərin siyahısı isə müqaviləyə əlavə olunur.

Sual:         Sığorta haqqı işçilərin maaşından tutularaq sığorta şirkətinə ödənilir?

Cavab:      Xeyr. Sığorta haqqını işəgötürən ödəməlidir.

Sual:         Bu Qanun yalnız birbaşa istehsalat ilə məşğul olan müəssisələrə aiddir?

Cavab:      Xeyr. Fiziki şəxsləri haqqı ödənilməklə iş görməyə, xidmət göstərməyə cəlb edən istənilən müəssisəyə (və ya fiziki şəxsə) aiddir.

Sual:         Bir işçi üçün ödəniləcək sığorta haqqı necə hesablanır?

Cavab:      Birinci növbədə müəssisənizin hansı risk qrupuna aid olduğunu müəyyənləşdirməliyik. İşçilərinizi Qanuna uyğun olaraq “Qulluqçu heyət” və “Fəhlə heyəti” olmaqla iki kateqoriyaya ayırmalıyıq. İşçinizin bir illik əmək haqqı fondunu hesablayıb, kateqoriyasından asılı olaraq müvafiq sığorta tarifinə vurmalıyıq. Alınan rəqəm bir işçiniz üçün bir illik sığorta haqqı olacaqdır.

Sual:         Sığorta hadisəsi baş verəndə sığorta şirkəti nə qədər ödəniş edir?

Cavab:      Sığorta şirkəti tərəfindən edilən ödənişin həcmi qanunvericiliyin qoyduğu qayda ilə hesablanır. Sığorta ödənişinin maksimal həddi işçinin bir illik əmək haqqı fondundan 10-12 dəfə çox ola bilər.

 

İŞÇİLƏR

 

Bu icbari sığorta işçilərə özlərini sosial baxımdan müdafiə olunmuş kimi hiss etməyə imkan verir. İşə qəbul olunduğu zaman icbarı sığorta işçilər üçün bir stimul ola bilər.
İcbari sığorta bütün növ məşğulluq sahələri əhatə edir. Harada işlədiyimizdən asılı olmayaraq biz hər gün risklərlə qarşılaşırıq. Qanun da o məqsədlə yaradılıb ki, bu gün və ya gələcəkdə müəyyən bədbəxt hadisə nəticəsində işçi əmək qabiliyyətini itirdikdə və yaxud ölüm hadisəsi baş verdikdə bunun əvəzi sığorta şirkəti tərəfindən ödənilsin.

 

Tez-tez verilən suallar

Sual:         Sığorta ödənişinin hansı növləri mövcuddur?

Cavab:      Qanuna uyğun olaraq aşağıdakı sığorta ödənişləri verilə bilər:

                  - Aylıq sığorta ödənişi;    
                  - Birdəfəlik sığorta ödənişi;    
                  - Əlavə sığorta ödənişi.

                   Aylıq sığorta ödənişi  - sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq  əmək  haqqı əvəzində verilən pul təzminatıdır.

                   Birdəfəlik sığorta ödənişi - bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir.

                   Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir:

                  - sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edildikdə;
                  - sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda.

Sual:         Sığorta olunanlar hər hansı kateqoriyalara bölünürmü?

Cavab:      Sığorta olunanlar yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə aşağıdakı
kateqoriyala bölünür:

                  a. Fəhlə heyəti – məhsulun (əmtəənin) istehsalı, xidmətin həyata keçirilməsi ilə, həmçinin təmir, yüklərin daşınması, təmizlik,  saxlama, mühafizə və digər bu kimi işlərlə birbaşa məşğul olan heyət;

                  b. Qulluqçu heyəti –müvafiq olaraq rəhbərlik, mütəxəssis və texniki icraçılara aid işlərin və ya xidmətlərin yerinə yetirilməsi ilə məşğul olan heyət.

Daha ətraflı məlumat üçün: www.law.az