“Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərinə yeni təyinat!

24.01.2023

“Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərində yeni Baş direktor vəzifələri təsis edilib.  

"Atəşgah" Sığorta Şirkətinin baş direktor vəzifələrinə  İsgəndərova Könül Elman qızı, Mustafayeva Ayla Elman qızı, Əliyev Elvin Mirİsmayıl oğlu, “Atəşgah Həyat” Sığorta Şirkətinin baş direktor vəzifəsinə isə Həsənova Şəfəq Oqtay qızı təyin ediliblər.

Qeyd edək ki, İsgəndərova Könül 2010-cu ildən etibarən "Atəşgah" Sığorta Şirkətinin İşlərin idarəedilməsi şöbəsinin mütəxəssisi, Kargüzarlıq şöbəsinin aparıcı mütəxəssisi və baş mütəxəssisi, İdarə Heyəti sədrinin müşavirinin köməkçisi, İdarə Heyəti sədrinin müşaviri vəzifələrini layiqincə icra etmişdir. 

Peşəkar fəaliyyətinə 2003-cü ildən başlayan Mustafayeva Ayla "Atəşgah" Sığorta Şirkətinin Tibbi və həyat sığortası şöbəsində mütəxəssis və şöbə müdiri, Sığorta idarəsinin şəxsi sığorta növləri şöbəsinin və Korporativ satış idarəsinin rəisi vəzifələrini layiqincə icra etmişdir.

Əliyev Elvin 2009-cu ildən "Atəşgah" Sığorta Şirkətinin Əməliyyat şöbəsinin mütəxəssisi, Müqavilələrin aparılması şöbəsinin rəisi, Zərərlərin tənzimlənməsi idarəsinin rəisi, Müştəri xidmətləri idarəsinin rəisi, İdarə heyəti sədrinin müşaviri vəzifələrini icra etmişdir.

“Atəşgah Həyat” Sığorta Şirkətinə Baş direktor təyin olunan Həsənova Şəfəq isə 2005-2009-cu illərdə  “Atəşgah” Sığorta Şirkətində Tibbi və həyat sığortası şöbəsinin mütəxəssisi, Sığorta idarəsinin şəxsi sığorta növləri şöbəsinin mütəxəssisi və aparıcı mütəxəssisi kimi çalışmış, 2009-cu ildən isə “Atəşgah Həyat” Sığorta Şirkətində Sığorta şöbəsinin aparıcı mütəxəssisi, baş mütəxəssisi, Həyatın qarışıq sığortası şöbəsinin rəisi, Həyat sığortası idarəsinin rəisi vəzifələrini icra etmişdir.

“Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərinin nailiyyətlərinə əhəmiyyətli qatqıları olan əməkdaşlara yeni vəzifələrində müvəffəqiyyətlər arzu edirik!